RSS

SƏNƏDLƏR

                                                              İctimai Palatanın DAXİLİ NİZAMNAMƏSİ

Birinci fəsil.   İctimai Palatanın fəaliyyətinin ümumi qaydaları

Maddə 1.  İctimai Palatasının fəaliyyətinin əsasları

İctimai Palata Azərbaycan Respublikası Konstitusiyasının 58 -ci maddəsinə əsasən fəaliyyət göstərir. İctimai palatada 2010 –cu il parlament seçkilərində deputatlığa  namizəd olmuş şəxslər İctimai Palataya Təsis Bəyannaməsini imzalamaqla İctimai Palataya üzv olur. Təsis bəyannaməsini imzalayan tanınmış  ziyalılar, ictimai  –  siyasi xadimlər, siyasi partiya və QHT liderləri, media nümayəndələri, gənclik hərəkatı fəalları,  konkret ixtisas və fəaliyyət istiqamətləri  üzrə   mütəxəssislər, vəkillər, alimlər və bu kriteriyalara uyğun digər şəxslər İctimai Palata sessiyasının qərarı ilə İctimai Palataya üzv ola bilərlər.         İctimai Palatanın üzvü öz səlahiyyətlərini  icra edə bilmədikdə, İctimai Palata üzvlüyündən istefa barədə yazılı və ya şifahi bəyanat verdikdə və İctimai Palata üzvlüyündən xaric edildikdə  səlahiyyətləri itirilir.

İctimai Palatanın fəaliyyətinin əsas prinsiplərini aşkarlıq, siyasi plüralizm və çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması təşkil edir.

Maddə 2. İctimai Palatanın fəaliyyət formaları

İctimai Palata növbəti sessiyalar, növbədənkənar sessiyalar və sessiyalar arası dövrlərdə Koordinasiya Şurası, komissiyalar, işçi qruplar və yaradılan digər təsisatların işləməsi formasında fəaliyyət göstərir.

İctimai Palatanın sessiyaları, bir qayda olaraq ayda bir dəfədən az olmayaraq keçirilir.  İctimai Palatanın  növbəti və növbədənkənar sessiyaları ardıcıl sıra sayı ilə adlanır.

İctimai Palatanın sessiyasının iclaslarının gününü və saatını İctimai Palatanın  sessiyasının sədri təyin edir.

İctimai Palatanın Koordinasiya Şurasının  iclasları  bir qayda olaraq, həftədə bir  dəfədən az olmayaraq keçirilir. İctimai Palatanın Koordinasiya Şurası iclaslarının gününü və saatını İctimai Palatanın sessiyasının sədri təyin edir.

İctimai palatanın komissiyalarının iclasları bir qayda olaraq ayda bir dəfədən az olmayaraq  keçirilir. İctimai Palata komissiyasının iclasının günün və saatını müvafiq komissiyanın koordinatoru təyin edir.

Maddə 3. İctimai Palatanın iclasları

İctimai Palatanın iclası üzvlərinin 50 %- dən çoxu iştirak etdikdə  səlahiyyətlidir. İctimai Palatanın iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır.

İctimai Palata qapalı iclas keçirilməsi haqqında qərar qəbul edə bilər. Bu qərar iclasda iştirak edən İctimai Palatanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.

İctimai Palatanın qapalı iclaslarının məzmunu haqqında məlumatlar həmin iclasın müəyyən etdiyi çərçivədə   iclasın sədrinin rəsmi məlumatı formasında   aşkarlana bilər..

İctimai Palatanın iclasları Azərbaycan dilində keçirilir. İctimai Palatanın üzvləri və İctimai Palatanın iclasında iştirak edən şəxslər başqa dildə də çıxış edə bilərlər.

İctimai Palatanın iclasının qərarı ilə,  Koordinasiya Şurasının dəvəti ilə İctimai Palatanın iclaslarında başqa şəxslər də iştirak edə bilərlər.

Açıq iclaslar keçirilərkən İctimai Palatanın iclas salonuna kütləvi informasiya vasitələrinin  qeydə alınmış nümayəndələri  buraxılır. Qeydiyyat İP sessiyasının sədrinin müəyyənləşdirdiyi şəxslər tərəfindən aparılır.

Maddə 4. İctimai Palatanın iclaslarının protokolları

İctimai Palatanın bütün iclasları protokollaşdırılır.

İctimai Palatanın iclasının protokolunu iclasa sədrlik edən imzalayır.

Maddə 5. İctimai Palatanın sessiyasının iclaslarında üzvlərin qeydiyyatı

İctimai Palatanın sessiyasının işi sessiya iclaslarında iştirak edən üzvlərin qeydiyyatından başlanır. Üzvlərin qeydiyyatını iclasa sədrlik edənin müəyyənləşdirdiyi şəxslər  tərəfindən aparılır.

Maddə 6. İctimai Palata üzvlərinin hüquqları

İctimai Palatanın iclaslarında İctimai Palata üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və İctimai Palata tərəfindən müvafiq təsisatlara seçilən və ya təyin edilən   namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək , İctimai palatanın seçkili orqanlarına namizədlər irəli sürmək, seçmək və seçilmək hüququ vardır.

Maddə 7. İctimai Palatanın sessiyası iclaslarında iştirak edənlərə aid tələblər

İctimai Palatanın iclaslarında iştirak edənlər İctimai Palata  etikasını gözləməlidirlər. Onlar İctimai Palatanın iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın sakitliyini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli,  hərəkətlərə çağırmamalıdırlar.

İctimai Palatanın iclasına sədrlik edən İctimai Palata etikasını gözləməyənlərə xəbərdarlıq edir, təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər. Özünü bu tərzdə aparmaqda davam edən şəxs İctimai Palatanın iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar İctimai Palatanın iclasının protokolunda qeyd olunur.

Maddə 8. İctimai Palatanın sessiyasının  iclaslarına sədrlik edən

İctimai Palatanın sessiyasının iclaslarına sədrlik edən İctimai Palatanın iclasının gedişinə rəhbərlik edir, İctimai Palatanın Daxili Nizamnaməsinə riayət olunmasını təmin edir, İctimai Palatanın iclasında iştirak edənlərə söz verir, üzvlərin təkliflərini sıra ilə səsə qoyur, səsverməni keçirir və onun nəticələrini elan edir, İctimai Palatanın sessiyası qərarlarının icrasına nəzarət edir, İctimai Palatanın iclasının protokolunu yoxlayır və imzalayır.

İctimai Palatanın iclaslarına sədrlik edənin iclasın gedişində Azərbaycan Respublikası Konstitusiyasının, bu Daxili Nizamnamənin, başqa qanunların müddəalarının pozulması barədə məlumat vermək hüququ vardır.

İctimai Palatanın iclaslarına sədrlik edən üzvlərə verilmiş bütün hüquqlardan istifadə edir.

Maddə 9. İctimai Palatanın iclaslarında çıxışlar üçün müəyyən edilmiş vaxt

İctimai Palatanın iclaslarında məruzə üçün 10 dəqiqəyədək, əlavə məruzə üçün 7 dəqiqəyədək, yekun sözü üçün 5 dəqiqəyədək vaxt ayrılır.

Müzakirələrdə iştirak edənlər üçün 5 dəqiqəyədək, təkrar çıxışlar üçün 3 dəqiqəyədək, iclasın aparılmasına dair, səsvermə mülahizələri ilə əlaqədar, namizədlər barədə çıxışlar, bəyanatlar, suallar, təkliflər, xəbərlər, arayışlar üçün 2 dəqiqəyədək vaxt ayrılır.

Müəyyən edilmiş vaxt başa çatdıqdan sonra İctimai Palatanın iclasına sədrlik edən çıxış edəni xəbərdar edir, sonra isə onun sözünü kəsə bilər. İctimai Palatanın iclasına sədrlik edən iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə alınmış razılığı əsasında bu Daxili Nizamnamədə çıxışlar üçün müəyyən edilmiş müddətlərin vaxtını uzada bilər.

Maddə 10. İctimai Palatanın iclaslarında çıxışların ardıcıllığı

İctimai Palatanın iclaslarında çıxışlar, bir qayda olaraq, gündəlikdə müəyyən edilmiş ardıcıllıqla çıxışlara yazılanların sıra növbəsi ilə edilir. İctimai Palatanın iclasına sədrlik edən iclas iştirakçılarının sadə səs çoxluğu ilə iclasın gedişində lazım bildikdə bu qaydanı dəyişdirə bilər. İctimai Palatanın iclasında heç kəs İctimai Palatanın iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir.

İctimai Palatanın iclaslarında Koordinasiya Şurası üzvlərinin  növbədənkənar çıxış etmək hüququ vardır.

Maddə 11. İctimai Palatanın iclaslarında müzakirələrin kəsilməsi

İctimai Palatanın iclaslarında müzakirələr məsələyə ayrılmış vaxt bitdikdə və ya İctimai Palatanın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə protokol qaydasında qəbul edilmiş qərarı əsasında kəsilir.

İctimai Palatanın iclasına sədrlik edən müzakirələrin kəsilməsi haqqında təklif alandan sonra üzvlərə müzakirələrdə çıxış etmiş və çıxış etmək istəyənlərin sayı haqqında məlumat verir, çıxış etmək üçün israr edənləri müəyyənləşdirir və İctimai Palatanın iclasında iştirak edən üzvlərin 3/1  səsi ilə alınmış razılığı əsasında onlara söz verir.

Müzakirələr kəsildikdən sonra məruzəçinin və əlavə məruzəçinin yekun sözü demək hüququ vardır. Müzakirələr kəsildikdən sonra yalnız səsvermə mülahizələri üzrə çıxışlar edilə bilər.

Maddə 12. İctimai Palataya təqdim edilmiş qanun və qərar layihələrinə baxılması və qəbul edilməsi

Hazırlanmış və ya  təqdim edilmiş qanun və qərar layihələri İctimai Palatanın Koordinasiya Şurasında qeydiyyata alınır.

İctimai palataya təqdim edilmiş qanun və qərar layihələrini rəy üçün İctimai Palatanın sessiyasının sədri İctimai Palatanın müvafiq komissiyasına və ya Koordinasiya Şurası üzvünə göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Qanun layihəsi bir neçə  komissiyaya göndərildiyi halda İctimai Palatanın sessiyasının sədri onlardan birini aparıcı komissiya təyin edir.

İctimai Palatanın  komissiyası qanun və qərar layihələrinin konseptual,  hüquq və dil-üslub baxımından ekspertizasını keçirir.  İctimai Palatanın üzvlərinin qanun və qərar layihələrinə aid qeyd və təkliflərinə aparıcı  komissiyanın iclaslarında baxılır.

Hazırlanmış və ya baxılmış layihə İctimai Palatanın iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə İctimai Palatanın  sessiyasının sədrinə təqdim edilir

İctimai Palatada qanun layihələrinə, bir qayda olaraq, bir oxunuşda baxılır.  İctimai Palatanın protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir neçə oxunuşda baxıla bilər.

Qanun layihəsinə  baxılması nəticəsində Milli Məclis aşağıdakı qərarlardan birini qəbul edir:

1) layihə birinci oxunuşda qəbul edilsin və

2) söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir);

3) layihə qəbul edilməsin;

Maddə 13. İctimai Palatanın iclaslarında səsvermənin növləri və qaydası

İctimai Palatanın iclaslarında məsələlər açıq və ya gizli səsvermə yolu ilə həll edilir.

İctimai Palatanın iclaslarında məsələlər bir qayda olaraq açıq səsvermə yolu ilə həll edilir . Gizli səsvermənin keçirilməsi üçün   İctimai Palatanın iclasında iştirak edən deputatların sadə səs çoxluğu ilə protokol qaydasında qərar qəbul edilir. Bu barədə səsvermənin keçirilməsi üçün  İctimai Palatanın azı 25 deputatının tələbi olmalıdır. Hər məsələ üzrə səsvermə keçirilərkən İctimai Palatanın üzvünün bir səsi vardır. Səsvermə keçirilərkən üzv məsələnin qəbul olunmasının lehinə, əleyhinə və ya bitərəf qalmasına səs verə bilər. İclasda iştirak edən üzvün səsvermədə iştirak etməməsi yetərsaya təsir etmir.

Səsvermədə iştirak edən üzv şəxsən səs verməlidir.

İctimai Palatanın iclasına sədrlik edən səsvermənin başlandığını elan etdikdən sonra heç kəs səsvermənin gedişini (iclasın aparılması barədə etirazların bildirilməsindən başqa) dayandıra bilməz.

İctimai Palatanın iclasına sədrlik edən səsvermənin nəticələri müəyyənləşdirildikdən sonra onu elan edir.

Məsələnin həlli üçün tələb edilən yetərsay olmadıqda İctimai Palatanın iclasına sədrlik edən səsverməni İctimai Palatanın növbəti iclasına keçirir.

Maddə 14. Açıq səsvermə

Açıq səsvermə ümumi qaydada keçirilir.

Açıq səsvermə keçirilərkən səsləri Hesablayıcı komissiya hesablayır.  Açıq səsvermə zamanı İctimai Palatanın iclasına sədrlik edən deputatlara sual verir: “lehinə”, “əleyhinə”, “bitərəf”. Hər sualdan sonra İctimai Palata üzvləri mövqeyindən asılı olaraq əl qaldırırlar, ya da əl qaldırmırlar. Hesablayıcı komissiya səsləri sayır və səsvermə qurtardıqdan sonra nəticələri elan edir.

Maddə 15. Gizli səsvermə

Gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.

Hesablayıcı komissiya səsvermənin gizliliyini təmin etmək üçün şərait yaratmalıdır. Üzvlər siyahıya imza atıb səsvermə bülletenlərini alırlar,  hamı tərəfindən görünə bilən yerində qurulmuş səsvermə yerində  bülleteni doldururlar. Bülletenlərin doldurulması və nəticələrin hesablanması qaydası iclasda protokol qaydasında razılaşdırılır və  iclasın sədri tərəfindən elan edilir. Səsvermənin nəticələri barədə protokolu Hesablayıcı komissiyanın  üzvləri imzalayırlar. Hesablayıcı komissiyanın protokolunu imzalamaqdan imtina edən komissiya üzvü protokola xüsusi rəy əlavə edə bilər və bu xüsusi rəyini dərhal elan edə bilər. Hesablayıcı komissiyanın sədri bülletenlər vasitəsilə keçirilən gizli səsvermənin nəticələrini elan edir.

Maddə 16. İctimai Palatanın  aktlarının qəbul edilməsi üçün tələb olunan səs çoxluğu

İctimai Palatanın aktlarının qəbul edilməsi üçün bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa,  İctimai Palata üzvlərinin yarısından çoxunun iştirak etdiyi iclasında sadə  səs çoxluğu ilə qəbul edilir.

Prosedur məsələləri ilə əlaqədar protokol qaydasında qərarlar, bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, İctimai Palatanın iclasında iştirak üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

İkinci fəsil. İctimai Palatanın orqanları

Maddə 17. İctimai Palatanın sessiyası.

İctimai palatanın sessiyası İctimai Palatanın ali orqanıdır. İctimai palatanın Təsis Bəyannaməsinə, Təsis Bəyannaməsinə aid Protokollara, bu Daxili Nizamnaməyə əlavə və düzəlişlər etmək, İctimai Palata üzvlüyünə qəbul etmək və üzvlükdən xaric etmək, İctimai Palatanın orqanlarını yaratmaq və ya ləğv etmək, İctimai palatanın bu Daxili Nizamnamə ilə müəyyən edilən orqanlarının say və şəxsi tərkibini   təyin etmək, seçmək, və onları  azad etmək, qanun və ona bərabər tutulan aktlar layihələrini, İctimai Palatanın simvollarını təsdiq etmək  İctimai Palata sessiyasının müstəsna səlahiyyətinə aiddir.

Maddə 18. İctimai  Palatanın Koordinasiya Şurası.

İctimai Palatanın Koordinasiya Şurası İctimai Palatanı təmsil edir, bu Daxili Nizamnamə ilə   İctimai Palata sessiyasının müstəsna səlahiyyətinə aid edilən məsələlər də daxil olmaqla   bütün məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edir. Koordinasiya Şurasının İctimai Palata sessiyasının müstəsna səlahiyyətinə aid edilən məsələlər barədə qərarları layihə xarakteri daşıyır, bu məsələlər barədə qəbul edilmiş qərarlar və s. aktlar  yalnız  İP sessiyasında bu Daxili Nizamnamə ilə müəyyən edilən prosedura uyğun surətdə müzakirə edilib təsdiq edildikdən sonra qüvvəyə minir və tətbiq edilir. İctimai Palatanın Koordinasiya Şurasının fəaliyyətinin proseduru  bu Daxili Nizamnamədə İctimai Palata sessiyası iclasları üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq həyata keçirilir. Bu daxili Nizamnamədə analogiya qaydasında müəyyən edilə bilən prosedur qaydası yoxdursa Koordinasiya Şurası öz qərarı ilə bu qaydanı yarada və tətbiq edə bilər. İctimai Palatanın Koordinasiya Şurası İP-nın Katibliyini yaradır. Koordinasiya şurasının Katibliyi   bütövlükdə İctimai İalatanın sənədləşmə və arxivinin yaradılması işini təşkili  edir.

Maddə 19. İctimai Palatanın sessiyasının sədri.

İctimai  Palatanın sessiyasının sədri:

İctimai Palatanın iclaslarını aparır;

Koordinasiya Şurasının iclaslarına sədrlik edir.

İctimai Palatanın Koordinasiya Şurasının qərarı və ya üzvlərinin 3/1- nin tələbləri əsasında   İctimai Palatanın növbəti və ya növbədənkənar  sessiyasını çağırır; Kordinasiya Şurasının müvafiq qərarları ilə  sessiya iclasının gündəlik lahiyəsini hazırlayır və təqdim edir;

Koordinasiya Şurasının və İP sessiyasının iclaslarını təşkil edir və müvafiq iclas protokollarını və qəbul edilən aktları imzalayır;

İctimai palata üzvlərinin təşəbbüsü qaydasında İctimai Palataya daxil olmuş  qanun və qərar layihələrini İctimai Palatanın müvafiq daimi komissiyalarına göndərir;

İctimai Palatanın daxili intizamını bu Daxili Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində təmin edir;

İctimai Palatanı İP Koordinasiya Şurasının başqa qərarı yoxdursa icra və məhkəmə hakimiyyəti orqanları ilə, siyasi partiyalarla, ictimai birliklərlə, həmkarlar ittifaqları ilə, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, kütləvi informasiya vasitələri ilə, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil edir;

Maddə 20. İctimai Palatanın sessiyası sədrinin seçilməsi qaydası

İctimai Palata Koordinasiya Şurasını üzvləri adlarının əlifba sırası  ardıcıllığı ilə   İctimai Palata sessiyalarına sədrlik edirlər. Koordinasiya şurası üzvü sədrlikdən özü imtina etdikdə sədrlik sırası növbəti şəxsə keçir. Sədrlik növbəsi üzrlü səbəbdən baş tutmursa növbə sırası saxlanılır.

Maddə 21. İctimai Palatanın  komissiyaları

İctimai Palatanın sessiyaları İctimai Palatanın  komissiyalarını yaradır.

İctimai Palatanın daimi komissiyaları İctimai Palatanın çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.

İctimai Palatanın  komissiyaları İctimai Palatanın Koordinasiya Şurasında  təsdiq olunan Əsasnamə əsasında fəaliyyət göstərirlər.

İctimai Palatanın  komissiyalarının fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.

        İctimai Palatanın  komissiyasının say tərkibi  azı 5, çoxu 20 üzvdən ibarət ola bilər. Bir üzv yalnız bir komissiyanın üzvü ola bilər.

Komissiyanın  kordinatoru və tərkibinin seçilməsi İctimai Palatanın sessiyasının qərarı ilə rəsmiləşdirilir.

         İctimai Palatanın  komissiyasının iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

İctimai Palata Koordinasiya Şurasının və İP sessiyası  sədrinin tələbi ilə İctimai Palatanın  komissiyasının növbədənkənar iclası çağırılır.

Komissiyanın iclaslarında həmin komissiyanın üzvü olmayan İctimai Palata üzvləri də  məşvərətçi səslə iştirak edə bilərlər. Daimi komissiyaların koordinatorları onların iclaslarına həmçinin başqa şəxsləri dəvət edə bilərlər.

İctimai Palatanın iki və ya daha çox  komissiyası birgə iclas keçirə bilər.

Maddə 22. Komissiyanın koordinatoru

Komissiyanın iclasını onun koordinatoru, o olmadıqda  onun tapşırığı və ya komissiya üzvlərinin qərarı ilə ilə  komissiya üzvlərindən biri   aparır.

Komissiyanın koordinatoru  komissiyanın işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir,  komissiyanın ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komissiyanın işini İctimai Palatanın başqa komissiyalarının işi ilə əlaqələndirir, komissiyanın iclasının protokolunu imzalayır.

Maddə 23. İctimai Palatanın   Hesablayıcı komissiyası

İctimai Palatanın sessiyasının  iclasında   Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya  açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız İctimai Palatanın iclaslarında fəaliyyət göstərir.

İctimai Palatanın Hesablayıcı komissiyası İctimai Palatanın üzvləri  sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İctimai Palatanın Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və İctimai Palatanın iclasında xüsusi rəylə çıxış edə bilər.

Maddə 24 . İctimai Palatanın İntizam komissiyası

İctimai Palatanın sessiyası  İntizam komissiyası yaradılır. İntizam komissiyası palata daxili məsuliyyətə cəlb olunan üzvlərin məsələlərinə baxıb həll etmək, habelə palata üzvlüyünə xitam verilməsi və palata üzvü  səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.

İctimai Palatanın İntizam komissiyası İctimai Palatanın deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İctimai Palatanın İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

İntizam komissiyasının iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İntizam komissiyasının qərarı ilə razı olmayan onun üzvü komissiyanın protokolunda xüsusi rəyini əks etdirə bilər və İctimai Palatanın iclasında xüsusi rəylə çıxış edə bilər.

Üçüncü fəsil

Palatadaxili məsuliyyət

Maddə 25.  İctimai Palata üzvünün  palatadaxili məsuliyyətinin əsasları

İctimai Palatanın üzvü:

1) İctimai Palatanın və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

2) İctimai Palatanın və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

3) İctimai Palatanın və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;

4) İctimai Palatanın və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;

5) İctimai Palatanın mərəm və məqsədlərinə zidd fəaliyyət göstərdikdə, İctimai Palata  üzvünün yüksək adına xələl gətirən hərəkətlər etdikdə;

palatadaxili məsuliyyətə cəlb oluna bilər.

Maddə 26. Parlatadaxili məsuliyyətə cəlb olunan İctimai Palatanın üzvünə tətbiq edilən intizam tədbirləri

Bu Daxili Nizamnamənin 31-ci maddəsində göstərilən əsaslara görə İctimai Palatanın üzvünə aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər:

1) xəbərdarlıq;

2) söz kəsmə;

3) iclas salonundan çıxarma;

4) töhmət;

5) üzvlük səlahiyyətlərinin itirilməsi.

Maddə 27. Palatadaxili məsuliyyətə cəlb olunan İctimai Palatanın üzvlərinə intizam tədbirlərinin tətbiqi qaydası

Bu Daxili Nizamnamənin 25-cı maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, İctimai Palatanın və ya onun komissiyasının iclasına sədrlik edən İctimai Palatanın üzvünə  xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan şəxsə tətbiq edilir.

Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan üzvün məsələsi İctimai Palatanın sessiyasının sədrinin və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün İctimai Palatanın İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməlidir. İntizam komissiyanın qərarı ilə intizamı pozan üzvə töhmət verilə bilər. İctimai Palatanın üzvünə töhmət verilməsi barədə intizam komissiyasının qərarı İctimai Palatanın növbəti iclasında elan edilir.

Bu Daxili Nizamnamənin 26-ci maddəsinin 5-ci bəndində göstərilən intizam tədbiri barədə məsələ İP Koordinasiya Şurası və İctimai Palata üzvlərin ümumi sayının 4/1 tərəfindən qaldırıla bilər. Məsələ rəy alınmaq üçün İctimai palatanın İntizam Komissiyasına göndərilir.   İctimai Palatanın İntizam komissiyasının bu barədə rəyinə İctimai Palatanın sessiyası iclasında baxır. İctimai Palata sessiyası iclasında iştirak edən  üzvlərinin ən azı 3/2 səs çoxluğu ilə üzvlük səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Dördüncü fəsil.  Yekun müddəaları

Maddə 28. İctimai Palatanın Daxili Nizamnaməsinin qüvvəsi, dəyişdirilməsi və əlavələr edilməsi.

Bu Daxili Nizamnamə İctimai Palatanın Təsis Bəyannaməsinin tərkib hissəsidir və onunla eyni qüvvəyə malikdir.

Bu Daxili Nizamnamə və İctimai Palatanın Təsis Bəyannaməsinə dair 1 və 2 saylı Protokolları arasında ziddiyyət olduqda bu Daxili Nizamnamədə müəyyən edilmiş müddəa, norma və qaydalar əsas götürülür.

Bu Daxili Nizamnaməyə İctimai Palatanın  sessiyasında  əlavə və dəyişikliklər edilə bilər.

2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi haqqında

İP KŞ-nın bəyanatı

İctimai Palatanın təşəbbüsü ilə 2 aprel 2011 – ci il tarixdə Bakı şəhərində köklü islahatlar tələbi ilə keçirilmiş aksiya iştirakçılarına qarşı qaldırılmış qurama cinayət işi və onun gedişi iqtidarın    Azərbaycanda  bütün dünyada demokratikləşmə uğrunda hərəkatın yeni mərhələsində islahatlar və siyasi dialoq əvəzinə   yenə özünün ənənəvi  qarşıdurma, siyasi təqib, həbs və repressiyalar kursunun xeyrinə seçim etdiyini göstərmişdir.

Məlumdur ki, aksiya ilə bağlı  Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini F. Qəhrəmanlı və AXCP şöbə müdiri Məhəmməd Məcidli barəsində ictimai asayişin təşkili ittihamı ilə cinayət işi qaldırılmış, A. Hacılı, Tural Abbaslı və Məmmədli haqqında həbs qəti imkan tədbiri keçirilmişdir. Bu  uydurma cinayət işi ilə əlaqədar ayrı – ayrı şəxslərin istintaqa çağırılması və ifadələrinin alınması barədə məlumatlar gəlir.  Həbslərin və ittihamların  çevrəsinin genişləndirilməsi və ağırlaşdırılması məqsədilə ayrı – ayrı şəxslərə təzyiqlərin göstərilməsi və saxta ifadələrin tərtibi olunmasına cəhdlər edildiyi bildirilir. İctimai rəyin çaşdırılması üçün dövlət və iqtidarın nəzarətində olan televiziyalarda və KİV- də böhtan kompaniyası aparılır.

Bundan əlavə AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə qarşı CM-nin 228 1 hissəsi ilə (qanunsuz olaraq silah və sursat saxlama) uydurma cinayət işi acılmış və barəsində həbs qəti imkan tədbiri seçilmişdir.

Bununla əlaqədar İctimai Palata bəyan edir ki, bütövlükdə 2 aprel aksiyasına, o çimlədən konkret olaraq  həbs olunmuş və istintaqa cəlb edilən şəxslərə qarşı başlanmış cinayət təqibinin   heç bir hüquqi və faktiki əsası yoxdur.

Belə ki, fəaliyyətin dinc və sivil formalarda aparılması İctimai Palatanın əsas prinsipidir. Palatanın Təsis Bəyannaməsində birbaşa göstərilir ki, “İctimai Palata Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə (bəyannamələr, konvensiyalar, paktlar və s.) təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur.”

Palatanın keçirdiyi aksiyaların dinc xarakteri  barədə 2 aprel mitinqinin bir həftə əvvəldən KİV- də dərc edilən qətnamə mətnində xüsusi olaraq vurğulanmışdır. Qətnamənin 5- ci bəndində deyilir. “Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar  zor işlətsə, saldırsa  belə qarşılığında  zora və saldırıya yol verilməsin. Zorakılığa və saldırıya yo verənlər bizdən deyildir.” 2 aprel mitinqinə aid İP rəhbərliyinə daxil olan , o cümlədən, hazırda həbs edilən Arif Hacılının barəsində cinayət işi qaldırılmış Fuad Qəhrəmanlının və digərlərinin  KİV- dərc edilən  müsahibə və yazılarında aksiyanın dinc xarakteri təkrar- təkrar vurğulanmış və təbliğ olunmuşdur.

Həqiqətən də  polisin və   mülki geyimlilərin təhrikçi zorakılığına baxmayaraq 2 saat ərzində şəhərin mərkəzində, Yasamal, Səbail və Nərimanov ərazilərində keçirilən aksiya dinc, qeyri zorakı şəkildə keçirilmişdir. Yüzlərlə  daxili və xarici jurnalistin izlədiyi və onlarla videokamera tərəfində qeydə alınmış aksiyada polisə qarşı hər hansı zorakı müqavimətin göstərilməsi, daş, kəsək, dəyənək və s vasitələrdən istifadə olunması, bina və tikililərə, avtomobillərə  zərərverici hərəkətlər müşahidə olunmur. Habelə aksiya zamanı həbs edilən şəxslərin olduğu yerlərdə ümumiyyətlə hər hansı zorakılıq aktlarının olmadığı görünmədədir.

İctimai Palata diqqəti ona cəlb edir ki, aksiyadan əvvəlki günlərdə müxalifətçilər və müstəqil media hakimiyyət orqanları tərəfindən aksiya zamanı təxribat hazırlanması barədə məlumatlar dərc olunurdu. Bununla bağlı mitinqə bir neçə gün qalmış, xüsusilə Daxili işlər naziri R. Usubovun razılaşdırılmayan aksiyalarda iştirak etməyin artıq özünün cinayət olması haqqında dövlət TV- da çıxışından sonra KİV- də xüsusi olaraq hakimiyyət orqanlarının təxribat məqsədi ilə dağıntı törədə biləcəkləri barədə xəbardarlıqlar və bununla bağlı maksimum ehtiyatlı və sayıq  olmaq barədə göstərişlər İctimai Palata tərəfindən təkrarlanmışdı və prokurorluq və polis orqanlarından tələb edilmişdi ki, belə təxribatların qarşısı alınsın.

Buna baxmayaraq, kiçik lokal bir ərazidə və  qısa zaman ərzində bir neçə obyekt və avtomobil şüşələrinin sındırılması halları olmuşdur. Maraqlıdır ki,   200- dən çox aksiya iştirakçısını həbs edən, saxlayan həmin ərazidə minlərlə sayda  polis və əməliyyatçılar həmin şəxslərdən hər hansı birini saxlamamışdır və indi də həbs olunan və saxlananlar içərisində konkret olaraq belə hərəkətə yol vermiş bir nəfər də şəxs yoxdur. Eyni zamanda bu halların baş verdiyi ərazilər başdan başa təhlükəsizlik kameraları ilə təchiz edilmişdir və burda hadisə törədənlərin naməlum qalmaları mümkün deyildir.  İctimai Palatanın təkidli tələblərinə baxmayaraq bu hərəkətlərə  törətmiş şəxslərin kimliyinin müəyyən edilib məsuliyyətə cəlb edilməsi əvəzinə Arif Hacılı və digər tanınmış siyasi xadimlərin həbsi  həmin təxribatın əvvəlcədən bu qurama cinayət işinin başlanması məqsədilə təşkil və təhrik edildiyinin açıq aydın sübutudur.

İP diqqəti ona cəlb edir ki, hətta bu hərəkətləri miqyasının süni şəkildə şişirdilməsi, hətta elan olunan işin və təqsirkarların çərçivəsi  ilə açıq aydın adekvat olmayan istintaq qrupunun yaradılması, həmin hərəkətlərə aidiyyatı olmayan müxtəlif şəxslərin istintaqa çağırılması, aksiyaya icazə verilməməsinin də təxribat hərəkətlərinin  planlaşdırılmış tərkib hissəsi olduğunu  göstərir.

İP bəyan edir ki, saxta çevriliş, iğtişaş şouları ilə tarixin gedişini saxlamaq heç vaxt, heç bir iqtidara nəsib olmamışdır. Bu Azərbaycanda da mümkün olmayacaqdır.

İctimai Palata həbs olunan şəxslərin dərhal azad olunmasını,  təqib və repressiyalardan əl çəkib köklü islahatlara keçmək, korrupsiyaya real olaraq son qoymaq, sosial ədaləti təmin etmək, hüquq və azadlıqları genişləndirməyi tələb edir.

İctimai – siyasi vəziyyət haqqında

 İctimai Palatanın 29.1.11 tarixli sessiyasının Qətnaməsi

 Siyasi hakimiyyəti, hüquq mühafizə orqanlarını və məhkəmələrə rəhbərliyi ələ keçirmiş bir neçə familiya və  onların əlalılarının xalqa zidd  fəaliyyəti nəticəsində Azərbaycan cəmiyyəti dərin demokratik böhran dövrü yaşayır.

Korrupsiya ictimai – siyasi həyatın bütün sahələrini əhatə etmişdir.   Dövlət qanunlarla deyil korrupsiya norma və qaydaları ilə idarə edilir.  Neft – qaz gəlirləri daxil olmaqla ölkənin zəngin milli sərvətləri  və  insanların qanuni yolla qazandıqları gəlirlər və mülkiyyət   məmur – oliqarxlar və onların yaxınları tərəfindən birbaşa oğurlanıb talan edilərək, və ya  vergi, gömrük, digər çoxsaylı hüquq mühafizə, təhlükəsizlik orqanlarının təzyiqi vasitəsi ilə qəsb olunaraq mənimsənilir Eyni zamanda vətəndaşların mütləq əksəriyyəti yoxsulluq həddində yaşamaqda davam edir.

Korrupsiya iqtidarda olan   qrupun xalqı və dövləti talama  vasitəsi olmaqla yanaşı onların zəbt etdikləri  hakimiyyəti qoruyub saxlama vasitəsinə çevrilmişdir. İqtisadi və sosial həyatı qəsdən və bilərəkdən  kriminallaşdırılaraq vətəndaşlar  kütləvi  şəkildə qanun və hüququ pozucuları vəziyyətinə salınır və  bundan cəmiyyətin geniş dairələrini daimi xof və qorxu altında saxlamaq üçün istifadə edilir. Korrupsiyaya qarşı nəinki mübarizə aparılmır əksinə qanuni yolla yaşamaq və işləmək. təhlükəli  sayılaraq təqib olunur.

Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin mövcudluğunun zəruri şərti olan hakimiyyətlər bölgüsü prinsipi azad və ədalətli seçkilərin olmaması səbəbindən faktiki olaraq aradan qalxmışdır. Qanunverici və məhkəmələr məmur –oliqarx hakimiyyətinin əlavəsinə çevrilmişdir və onlara xidmət edir.

Seçkili orqanların legitimliyi problemi dərinləşmişdir. Seçkilər hakimiyyətin qanuni yolla əvəzlənməsi mexanizmi kimi sıradan çıxarılmışdır. Cəmiyyət indiki iqtidarın  saxlandığı şəraitdə azad, ədalətli və demokratik seçkilərə ümidini  ciddi şəkildə itirmişdir. 2010- cu il seçkilərinin nəticələrinin saxtalaşdırılması bu istiqamətdə son nöqtə olmuşdur. Bu seçkilərdə azad siyasi rəqabət mühitini aradan qaldıraraq, qeyri qanuni vasitələrdən, o cümlədən repressiyalardan istifadə etməklə hakimiyyət real rəqiblərini   siyasi səhnədən  birdəfəlik sıxışdırıb çıxarmaq planını həyata keçirməyə səy göstərmişdir.

Fundamental siyasi azadlıqların məhdudlaşdırılması və faktiki olaraq qadağan edilməsi, söz və mətbuat azadlığının əngəllənməsi, hakimiyyətə və ona rəhbərlik edənlər barədə    tənqidi yazılara  və çıxışlara görə həbs və  zorakılıq halları çoxalmışdır.

Son aylarda iqtidar həyata keçirdiyi antidemokratik kursa haqq qazandırmaq üçün Azərbaycanda qondarma dini ekstremizm təhlükəsi təsəvvürü yaratmağa cəhd edir və son dövrdə əsaslılığı inandırıcı görünməyən siyasi xarakterli həbslər bunu nümayiş etdirir. Dini ekstremizm təhlükəsinə qarşı tədbirlər bəhanəsi ilə təhsil müəssisəlində geyim formaları məsələsini  süni surətdə  gündəmə gətirərək və şişirdərək minlərlə  vətəndaşın təhsil hüququ kobud şəkildə pozulur.

Vətəndaşların əmək hüquqları kütləvi şəkildə pozulur.  Hakimiyyət həmkarlar ittifaqlarında birləşmək azadlığını məhdudlaşdıraraq və qeyri müstəqil, formal və tam nəzarətində olan saxta həmkarlar ittifaqları yaradaraq milyonlarla işçi və məmurun  ən vəhşi şəkildə istismar olunmasına şərait yaratmışıdır.

Gənclər, xüsusi ilə qadınlar  arasında işsizlik ifrat həddə çatmışdır.

İşsizlik və ixtisarlar şəraitində yeni iş yerləri yaratmaq, əmək haqları və sosial təminat ödənişlərinin artırılması əvəzinə dövlət büdcəsi və dövlət mülkiyyətində olan  təşkilatların maliyyəsi hesabına   təhlükəsizlik xidməti ştatlarının sayı ifrat şəkildə artırılır. Dövlət Neft Şirkətində  mühafizəçilərin sayının şirkət işçiləri sayının dörddə birini təşkil etmək bunun nümayişidir.

Ölkədə hüquq mühafizə orqanlarının sayı, ştatı və onlara çəkilən vəsait beynəlxalq standartlardan dəfələrlə çoxdur. Nəticədə bu orqanlarda kriminallaşma  halları artmışdır. Son dövrdə Daxili İşlər orqanlarında vətəndaşlara işgəncə verilməsi və döyülmə hallarının, habelə ölümlə nəticələnən halların artması müşahidə olunmaqdadır və bu yalnız konkret həmin orqanlarda deyil bütövlükdə bu sahədə vəziyyətin  dinamikası göstəricisidir.

18 illik hakimiyyətdə olmasına baxmayaraq iqtidar əsas konstitusion vəzifəsi olan ölkəni işğaldan azad etmək və ərazi bütövlüyünü bərpa etmək, yüz minlərlə insanın daimi yaşayış yerlərində yaşama haqlarını təmin etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İqtidarın xarici siyasi kursda yol verdiyi səylər nəticəsində strateji müttəfiqlərlə münasibətlər gərginləşmiş, təcrid təhlükəsi yaranmışdır.

Ölkədə yaranmış ictimai – siyasi vəziyyəti dəyərləndirərək İctimai Palata qeyd edir ki, yuxarıda göstərilən böhran situasiyasına baxmayaraq   çağdaş siyasi mədəniyyətlər səviyyəsində yaşamaq iradəsinə və zəngin demokratik mübarizə ənənələrinə malik olan Azərbaycan cəmiyyətinin bu vəziyyətdə çıxmaq üçün kifayət qədər  potensiala və imkanlara malikdir.    Azərbaycan xalqı sivil, mədəni və rifah halında yaşamağa haqqı vardır və buna layiqdir.

Mövcud rejimin  planının əksinə olaraq 7 noyabr seçkilərindəki qaba saxtakarlıq və zorakılıq demokratik qüvvələri sıradan çıxarmaq əvəzinə onların səfərbərliyinə və birləşməsinə səbəb oldu. Cəmiyyətdə  məyusluq və laqeydlik siyasi fəallıq və ruh yüksəkliyi ilə əvəzləndi. XXI əsr Azərbaycan gəncliyi demokratik dəyişikliklər və islahatlar uğrunda mübarizənin önünə çıxmışdır.

Viikliks materialları müasir dünyanın Azərbaycan iqtidarı və ölkəni idarə edən oliqarx məmurlar haqqında nə düşündüklərini, hansı rəyə və imicə malik olduqlarını bütün çılpaqlığı ilə ortaya qoydu. Özünü lallığa, karlığa və korluğa qoymaqla  bu  rüsvayçılığın və rəzalətin üstünü örtmək mümkün deyildir.

Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu rəsmi beynəlxalq təşkilat olan ATƏT- in 07 noyabr seçkilərini tanımamaq barədə rəyi mühüm beynəlxalq hüquqi əhəmiyyətə malikdir.

Dünyada avtoritar və totalitar müstəbid rejimlərə qarşı  2011- ci ilin yanvarında başlayan xalq üsyanları  geriçi, yarı feodal, korrupsioner  rejimlərin sonunun çatmasını əyani şəkildə göstərdi. Rejimn xarici dayaqlarını əhəmiyyətli şəkildə sarsılmışdır.

Daxildə və dünyada baş verən proseslər göstərir ki, Azərbaycan   vətəndaşının  fəal siyasi mövqeyi  mövcud demokratik böhran vəziyyətindən ölkəni və xalqı ən qısa müddətdə və zərərli sarsıntılara yol vermədən çıxara bilər. Azərbaycanın demokratikləşməsi üçün zəruri olan daxili və xarici şərtlər eyni zamanda meydana gələrək bu istiqamətdə irəliləyişlər üçün əlverişli ictimai siyasi vəziyyət yaratmışdır. Yetər ki, hər bir vicdanlı şəxs özünün, uşaqlarının və  dövlətin və millətin bu günü və gələcəyi, işğal olunmuş torpaqlarımızın azad olunması naminə mövcud şəraitə və onun səbəbi olan mövcud rejimə yetər desin.

Zamanın azərbaycan vətəndaşından tələb etdiyi fəal ictimai siyasi mövqe  son parlament seçkilərində namizəd kimi iştirak etmiş və seçicilərin dəstəyini qazanmış şəxslərin təşəbbüsü ilə yaradılan,  kölgə parlamenti,  partiya mənsubiyyətindən asılı olmayaraq bütün demokratik qüvvələrinin birlik modeli və demokratiya və islahatlar uğrunda ümumxalq  hərəkatının təşkilatı kimi çıxış edən İctimai Palataya dəstək və onun fəaliyyətində iştirak şəklində ifadə olunur.

İctimai Palata  real və sürətli islahatlar vasitəsi ilə cəmiyyətin əsas hissəsinin etimadına malik olacaq, azad  və ədalətli seçkilərlə formalaşdırılan , müstəqil və qarşılıqlı nəzarət mexanizmlərinə malik  icra, qanunvericilik və məhkəmə hakimiyyətinin formalaşdırılması, yeni konstitusiyanın qəbulu, korrupsiyaya və dövlət əmlakının oğurlanıb talan edilməsinə son qoyulması və bu talanın nəticələrinin aradan qaldırılması, , milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsi,   azad siyasi və iqtisadi təşəbbüskarlıq və rəqabət mühitinin yaradılması, sosial dövlət prinsiplərinin bərqərar edilməsi, əmək haqlarının və sosial yardımların ölkənin iqtisadi imkanları səviyyəsinə uyğun dərəcəyə qaldırılması, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda  fəaliyyət göstərir.

İctimai Palata demokratikləşmə uğrunda vətəndaş hərəkatının məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu bəyan edir  və Azərbaycan cəmiyyətini əmin edir ki,   İctimai Palata   elan etdiyi məram və məqsədlərə çatmaq, Azərbaycanda demokratiyanın qələbəsinə nail olmaq üçün  üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirəcəkdir.

Mövcud siyasi vəziyyət və İctimai palatanın vəzifələri haqında

Ictimai Palatanın 2- ci (26 fevral 2011-ci il) sessiyasının

BƏYANATI

 Yaşadığımız günlərdə Şimali Afrikada , Yaxın Şərqdə  totalitar rejimlərə  qarşı   baş verən xalq üsyanları və bunların dünyanın fərqli yerlərinə təsirləri  bir sıra xalqların və dövlətlərin həyatına böyük sarsıntılara səbəb olmuş,  düşüncələrdə və hərəkətlərdə inqilabi dəyişikliklər yaratmışdır. Demokratiya barədə düşüncələrdə və siyasətlərdə şübhə, tərəddüdlərə son qoyulmuşdur.   Azad olmayan,  cəmiyyətlərdə davamlı stabilliyin,   və tərəqqinin mümkünsüzlüyü  təcrübədə  təsdiqlənmiş, demokratiyanın, yalnız bəlli bir xalqlar qrupu üçün deyil, bütün millətlər və dövlətlər üçün universal dəyər və  inkişaf yolu,   təhlükəsizliyin qarantı olduğu sübutunu tapmışdır. Bunun əksi olaraq antidemokratik rejim, idarəçilik üsul və qaydalarının vətəndaş, xalq və dövlət üçün hansı təhlükəni daşıdığı əyani şəkildə açıb göstərmişdir. İctimai Palata Misir, Tunis. Liviya və digər ölkələrdə baş verən dinc etirazları alqışlayır, həmin ölkələrdəki korrupsioner ailə – tayfa rejimləri tərəfindən xalqa qarşı silah işlədilməsini və qətlləri pisləyir.

Qlobal demokratikləşmə səylərinin mərhələsi kimi görünən bu proseslər fonunda bir qrup məmur oliqarx ailənin və onların yaxınlarının xalq üzərində ağalığını qoruyub saxlamağa və ölkənin milli sərvətlərini mənimsəmələrinə xidmət edən, siyasi vərdiş və praktikasına görə   çağdışı, yarı feodal,  antidemokratik rejimlərin tipik nümunələrindən biri olan Azərbaycan hakimiyyətinin mövqeləri  ilkin refleksləri və addımları  ciddi narahatlıq və hiddət doğurur.

Günümüzün çağırışlarına cavab tapmaq üçün xalqın kollektiv potensialına müraciət etmək və yollar aramaq, dialoq təklif etmək əvəzinə İlham Əliyevin Administrasiyasının və rəhbəri olduğu siyasi partiyanın məsul  şəxsləri  “müxalifət yandırmaq üçün göysatan axtarır”, “ölkədə Yeni Azərbaycan Partiyası ilə danışıqlar aparmaq üçün layiq  siyasi qüvvə yoxdur” kimi, savadsız, səviyyəsiz, siyasi mədəniyyətdən uzaq bəyanatlar verdi.

Sosial gərginliyi zəiflətmək üçün   əhəmiyyətli sosial islahatlara getmək, əmək haqqı, pensiya, təqaüd və s. sosial ödənişləri Azərbaycanın indiki iqtisadi – maliyyə imkanlarına uyğun olaraq ilkin mərhələdə iki dəfə artırmaq əvəzinə suyun, daşıma və s xidmət haqları nümayişkaranə şəkildə  artırıldı. Təhsil haqlarının və digər qiymətlərin  artırılmasının müzakirə edildiyi bəyan edildi. İnflyasiya və bahalaşmanın nəticələrini ödəmək əvəzinə, minimum əmək pensiyalarına yüzminlərlə vətəndaş üçün təhqiramiz olan 28 qəpik əlavəsi elan olundu.

Korrupsiya əleyhinə mübarizə adı altında aparılan kosmetik kompaniya korrupsiyaya qarşı çıxış edən vətəndaşlar əleyhinə təqib kompaniyasına dönüşdü. İqtisadiyyatda, gömrük və vergi sistemində  inhisarçılıq, və inhisarçılar. İqtisadiyyatın bir neçə şəxsin əlində cəmləşməsi müzakirəyə belə çıxarılmadı Hamıya və hər kəsə aydın olan korrupsioner məmur-oliqarxlara qarşı hər hansı hətta simvolik tədbirlər görülmədi. KİV- də yüz milyonlarla manat dəyərində korrupsiya faktları barədə gedən materialların araşdırılması istiqamətində hər hansı addım atılmadı. Əvəzində dövlət tərəfindən  2010- cu ildə sel daşqınından zərərçəkmiş şəxslərə yardım adı ilə ayrılmış milyonlarla manat dövlət vəsaitinin hara və nəyə sərf edildiyini tələb edən Sabirabad sakinlərinin tələblərini araşdırmaq əvəzinə onlara qarşı xüsusi təyinatlı polis qüvvələrinin əməliyyatı keçirildi.

Azərbaycanda insan haqlarının vəziyyətinin simvoluna çevrilən E. Fətullayevin azad olunması haqqında Avropa Məhkəməsi qərarlarını yerinə yetirmək əvəzinə onun əleyhinə yeni təxribatların hazırlanması xəbərləri gəldi.

Siyasi məhbusları azad etmək əvəzinə, cəmiyyətdə qorxu və vahimə yaratmaq xəttinin davamı olaraq gənclər hərəkatının nümayəndələrindən C. Savalan qondarma ittihamla həbs edildi. Tanınmış vəkil Osman Kazımov  məsləkdən uzaqlaşdırıldı.

Televiziya efir məkanı alternativ siyasi mövqelər və fikirlər üçün qapalı saxlanmaqda davam etdirildi.

Kütləvi toplaşma azadlığının təmin edilməsi istiqamətində hər hansı addım atılmadı.

Bütün bunlar Azərbaycandakı siyasi rejimin reallıq hissini itirdiyinin, dövrün çağırış və təhdidlərinə adekvat cavab verə bilmədiyinin, ölkədə sosial-siyasi sarsıntıları önləyə biləcək qabiliyyətə, bacarığa, intellektual potensiala və ən başlıcası siyasi iradəyə malik olmadığını. əvvəlki yanlış və irticaçı kursdan imtina etmədiyini, ciddi islahatlara getmək istəmədiyini  və bu səbəbdən dövlət üçün təhlükəyə çevrildiyini göstərir.

Orduda son günlərdə kütləvi qətl hadisələrinin artması bu təhlükənin hansı  səviyyəyə çatdığının əlamətidir.

İctimai palata hesab edir ki,  vəziyyətin bu cür təhlükəli inkişafının qarşısı  vətəndaşların geniş  kütlələrinin siyasi və sosial islahatlar tələbləri ilə çıxış etmələri vasitəsi ilə dinc şəkildə, qanuni və sivil formalardan istifadə etməklə  alına və real dəyişikliklərə nail oluna bilər.

Təsisindən keçən iki ay ərzində İctimai  Palata yuxarıdan formalaşma mərhələsini başa çatdıraraq ölkənin ən güclü alternativ ictimai – siyasi qüvvəsinə çevrilmişdir. Növbəti mərhələ  bütün ölkə boyu təşkilatlanmanı həyat keçirməkdən ibarət olacaqdır. Bu mərhələ yaxın bir ay ərzində başa çatdırılacaqdır.  İctimai Palata hərəkatın dəyişikliklər və islahatlar paketinin və bu paketin ən mühüm tərkibi kimi Yeni Konstitusiyanın hazırlanması üzərində işləyir. Dəyişiklik və islahat ideyaları cəmiyyətdə geniş şəkildə müzakirə ediləcəkdir.

Haqq, hüquq və ədalət uğrunda hər bir vətəndaşın və küll halında  xalqın öz sözünü açıq şəkildə deməsinin və öz mövqeyini açıq ifadə etməsinin vaxtı gəlib çatmışdır. Bu mövqeyin ifadəsi İctimai Palatanın təşkilatlarına üzv olmaq və ona  dəstək verməkdən ibarətdir. Yüz minlərin üzv olduğu, milyonların dəstək verdiyi İctimai  Palata hər şeyə qadir olacaqdır.

Yuxarıdakıları qeyd edərək İctimai Palata Azərbaycan hakimiyyətindən aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir:

  1. Təcili olaraq ölkədə real sosial – iqtisadi və ictimai siyasi islahatların aparılsın
  2. İslahatların  həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin.
  3. Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin  mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri   şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin.
  4. Sosial ədalətin təmin edilməsi, o cümlədən neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Təbii  inhisarda olan xidmətlərin 2011- ci ildə  qiymətinin artırılmasına və süni bahalaşmaya  yol verilməməsinə təminat verilsin.
  5. Siyasi məhbuslar azad edilsin
  6. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına. Dini  etiqad və vicdan azadlığına qoyulmuş məhdudiyyətlər ləğv edilsin.

Bildirilir ki, irəli sürülən tələblərə hakimiyyətin mümkün ən qısa müddətdə münasibət bildirməsi məqsədəuyğun sayılır.

02 aprel  2011- ci il tarixli Bakı   mitinqinin

QƏTNAMƏSİ

 Xalq köklü islahatlar tələb edir!

    Mitinq iştirakçıları dünya xalqlarının  azadlıq hərəkatlarını alğışlayaraq, azərbaycan vətəndaşlarının  iradə , istək və tələblərini ifadə edərək, cəmiyyətin maraq və mənafelərini əsas tutaraq, demokratiyanı  vətəndaşın və dövlətin uzunmüddətli və stabil   təhlükəsizliyinin təminatı sayaraq  hesab edir ki, ölkədə reyim dəyişikliyi zərurəti vardır. Azərbaycanda avtoritar sülalə rejimi demokratiya ilə əvəz olunmalıdır. Hakimiyyət xalqa qaytarılmalıdır.  Bu məsələ  azad ədalətli seçkilər yolu ilə mümkündür.

   Mitinq iştirakçıları ölkənin tanınmış ziyalılarına, azərbaycan gənclərinə. tələblərə müraciət edərək  bütün mütərəqqi qüvvələri  birləşməyə, demokratiya uğrunda dinc,  sivil mübarizəyə qoşulmağa çağırır.

Mitinq iştirakçılar  qeyd edir ki, Aərbaycan iqtidarı dünyada və ölkədə baç verən proseslərdən nəticə çıxarmaq qabiliyyətində deyildir. Dövrün çağrışlarına, cəmiyyətin tələblərinə cavab tapmaq,  problemləri əsaslı şəkildə həll etmək əvəzinə   hədə qorxu bəyanatlarına ,   müxalifət liderlərinə, gənclik hərəkatı fəallarına qarşı  təhqir kompaniyalarına rəvac verilib. Mitinq iştirakçıları belə halları hiddətlə pisləyir , bu iyrənc kompaniyaya son qoyulmasını tələb edir.

Mitinq iştirakçıları İctimai palatanın irli sürdüyü köklü siyasi, iqtisadi, sosial  islahatlar kursunu dəstəkləyir. Hələ 2010- cu ilin noyabr ayında, meydana gəldiyi gündən  başlayaraq İctimai palata ölkədə islahatlar yolu ilə rejim dəyişikliyinə başlamaq hədəfini elan etmiş, bu istiqamətdə ilkin addım olaraq parlament seçkilərinin yenidən keçirilməsini tələb etmiş, əks təqdirdə inqilabi sarçıntıların labüd olduğunu bildirmişdi. Şimali Afrika və Yaxın Şərqdə demokratik inqilabi hadisələr baş verdikdən sonra  İctimai Palata köklü islahat tələblərini genişləndirdi və  kütləvi aksiyalara başlayacağını bəyan etdi.  İctimai Palatanın 28 yanvar və  26 fevral 2011- ci il tarixli sessiyalarıında  konkret təkliflər paketləri açıqlanmışdır. Mitinq iştirakçıları təəssüflə qeyd edir ki, Azərbaycan hakimiyyəti bu təklifləri diqqətə alıb hər hansı münasibət belə bildirmədi. Mitinq iştirakçıları İctimai palatanın   26 fevral tarixli Bəyanatındakı tələbləri müdafiə etdiklərini, bundan sonra həmin tələblərin mitinqin tələbləri olduğunu bildirərək  tələb edir:

1.  Ölkədə real  siyasi, sosial, iqtisadi islahatlar aparılsın. İslahatların  həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni Konstitusiya hazırlansın və proporsional seçki sisteminin bərpa olunsun, hakimiyyət qollarının müstəqilliyi təmin edilsin. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini  etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlər ləğv edilsin.

2.Korrupsiyaya son qoyulsun. Korrupsiyaya qarşı mübarizənin təminatı kimi Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin  mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri   şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin. Haqsız rəqabət, idxalatda və ixracatda, iqtisadi fəaliyyətin digər sahələrində qeyri qanuni monopoliyalar aradan qaldırılsın.

3.Sosial ədalət təmin edilsin.  Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Kredit borcları və digər borcların ödənməsi möhlətləri artırılsın. SSRİ dövrü əmanətləri qaytarılsın. Təbii  inhisarda olan xidmətlərin 2011- ci il ərzində  qiymətinin artırılmayacağına  təminat verilsin.

4.Siyasi və vicdan məhbuslar azad edilsin.

5. Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar  zor işlətsə, saldırsa  belə qarşılığında  zora və saldırıya yol verilməsin.

02. 04. 2011.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: